ŞƏHİD KÖYNƏYİ

20.08.2025 | Oxunma sayı: 14

Dəstə-dəstə, qoma-qoma,
Tanrıya göz yuma-yuma,
bazarlara cuma-cuma
mal axtaran arxadaşlar, mal qurtarıb
Özgə verən tuman-köynək, şal qurtarıb
Ət qaxacı, şəkər tozu, yad verən adyal qurtarıb.
Bircə şəhid köynəyi var,
verəmmərəm onu sizə.
Geysəniz də, dar gələcək
əyninizə.

Didərginin tikəsini
yeyənlərim.
Millətimi soyundurub,
Köynəyini geyənlərim!
Bazarlara yol axtaran
Bağrıdaşlar,
a soydaşlar,
a yoldaşlar
yol qurtarıb!
Yaşamaga yarpaq, budaq,
Kol qurtarıb.
Bircə şəhid köynəyi var,
Necə qıyım onu sizə?
Eybinizi örtmək üçün
Çəkəsiniz əyninizə?!

Kəfən deyil –
Qandan baha, candan baha
köynəkdi bu!
Şivən deyil –
göz dağıdı,lal fəryadlı
göynəkdi bu!
Əlvan deyil,
bir üzlüdü,
bir ipdəndi,
bir rəngdi bu!
Mənsəb gəzən,taxt axtaran
taxtabaşlar,
Gəzdiyiniz hal qurtarıb.
Şirin nağıl,yalan vədə
Heç dəyməyib,kal qurtarıb.
Doğru sözə,düz ilqara
qismət olan
buxov,noxta,
nal qurtarıb.
Satılmayan namus,həya,
satlıq qoyun,mal qurtarıb.
Şor quruyub,yağ tükənib,
bal qutarıb.
Bircə şəhid köynəyi var,
O da mənim.
Qalan nə var...sizin olsun.
A qandaşlar,
qarındaşlar!
Təkcə isti qan çilənən
köynəkdəki
O qan mənim,
qada mənim!