KİŞİLƏR
20.08.2025 | Oxunma sayı: 13Arazdan keçmirik – suyu sərindir.
Kürdən adlamırıq – dibi dərindir.
Araz aşığından,Kür topuğundan
olan kişilər!
Nə qədər ucaymış boyunuz sizin,
Əsliniz, kökünüz, soyunuz sizin,
Axib qanımıza dolan kişilər!
Sizin yanınızda dilimiz – qısa,
Ətəyimiz – uzun, əlimiz – qısa.
Qaya parçasından, daş qopuğundan
Nağara düzəldib çalan kişilər!
Döyüb başımıza çalınırıq biz,
Kos kimi ortaya salınırıq biz,
Olmuşuq oyuncaq, yalan, kişilər.
Hanı bəs Kür ilə Araz arası?
Bizi eyləyiblər palaz arası.
Ox kimi şığıyıb yazı düzündən
Atlını atından salan kişilər!
Qulağımız “haydı,hoy!” sözünə həsrət,
Ayağımız üzəngi üzünə həsrət,
Bizlər –kor eşşəyə palan, kişilər.
Sizi aldatmasın saxamız bizim,
Əllərdə qalıbdır yaxamız bizim.
Göydəki quşu da vurub gözündən,
Çalıb çalağantək alan kişilər!
Siz hara?.. Biz hara?.. Nə deyək sizə?
İnciyən ruhunuz hay vermir bizə,
Hələ də sükuta dalan kişikər!
Aşır başımızdan Kür də,Araz da,
Çəkir burulğanlar bizi bir az da.
Bir vədə dayanıb başımız üstə
Bizə xeyir-dua qılan kişilər!
Kənd-kənd, şəhər-şəhər axırıq daha,
Axana qıraqdan baxırıq daha,
Bu da qalın bəylər, kalan kişilər!
Getdi özünüzlə zorunuz sizin,
Dolur gözümüzə qorunuz sizin.
Çatdam-çatdam olsun gorunuz sizin,
Daşımız qalmadı daşımız üstə,
Ay yurdu-yuvası talan kişilər!
Olunca dünyada olmasa yeymiş,
Qalınca dünyada qalmasa yeymiş
Sizin yerinizdə qalan kişilər!
İndiki kişilər – yalan kişilər!..