ONDA BİR YARALI MƏHƏBBƏTİM VAR

08.08.2025 | Oxunma sayı: 13

Bala,o ağaca balta vurma sən!
Onda gəncliyim var,hərarətim var.
Bala,o ağaca balta vurma sən!
Onda bir yaralı məhəbbətim var.

Mən də cavan idim,mən də sevirdim,..
Sevgimin şahidi o oldu ancaq.
İlk görüş yerimdir,bala,ilk görüş
Onun kölgəsinin düşdüyü torpaq.
Toyumuz çalındı bu ağac altda,
Qovduq uzaqlara qəmi,kədəri.
Biz xoşbəxt adlandıq bütün elatda,
O günlər qayıtmaz,qayıtmaz geri.

Bir gün bu dünyaya göz açdın,bala,
Asıldı beşiyin bax,bu ağacdan.
Bir gün xəstə anan getdi zavala,
Əbədi ayrıldı ax,bu ağacdan.
Ananın ətrini,bala,ay bala,
Bir səndən alıram,bir də ki,ondan.
Dilbilməz baltanı bir yana tulla,
Əl çək birdəfəlik,gəl bu oyundan.

Getməyib sinəmin sızıltıları,
Dinlə dilə gələn bu göz yaşımı.
Sən onu kəsincə,bala,ay bala,
Gəl kəs birdəfəlik mənim başımı.

Bala,o ağaca balta vurma sən,
Onda gəncliyim var,hərarətim var.
Bala,o ağaca balta vurma sən,
Onda bir yaralı məhəbbətim var.