YAŞAMARAM

08.08.2025 | Oxunma sayı: 20

İllər mənsiz ötüşəcək,
Nə mənası?Yoxam,varam.
Gələn bir şey götürməli,
Gedən bir şey verməlidir.
Yadigarsız yaşamaram.
Nəyə gərək hər söhbəti
Açıq deyəm,üzə vuram?
Başaşağı yaşayan çox,
Mən vüqarsız yaşamaram.

Kimə bəlli deyil görən
Bu torpağın səxavəti?
Qətrə-qətrə içmişəm mən
Bulaqlardan məhəbbəti.

Anaya da ananızdan
Əziz olan bir ana var.
O – Vətəndir!
Vətən qızı,mənim üçün
Səndən gözəl bir sona var.
O – Vətəndir!

Eşitdinmi,a sevgilim,
Deyən sənsiz yaşamaram?
Mən sənsiz də yaşayaram,
Mən Vətənsiz yaşamaram!