DAŞ
08.08.2025 | Oxunma sayı: 6Yuxuda daş gördüm...
Kiminsə əlindəydi,
Atdı,kiməsə dəydi.
Qana bulaşdı daş,
Daşdan səda qopdu,
Nida qopdu:
– Kaş dilim olaydı,kaş!
Yuxuda daş gördüm...
Sürüyüb saldılar yola.
Birisi gəlirdi,
Uçurdu az qala.
Çatıb ilişdi daşa,
Az qaldı ki,qapaşa.
Söydü,tüpürdü,dedi:
– Lənətə gələsən,daş!
Daşdan səda qopdu,
nida qopdu:
– Kaş dilim olaydı,kaş!
Yuxuda daş gördüm...
Tərəzinin gözündəydi.
Bu nəydi?
Hər gələn çəpəki
Baxırdı daşa.
Satıcı coşa-coşa
Deyirdi: – Bu daş haqqı!..
Daşdan səda qopdu,
nida qopdu:
– Boynuma yıxırlar
haqqı,nahaqqı.
Yuxuda daş gördüm,
Daşın da gözündə
yaş gördüm.