ŞƏKİ

20.08.2025 | Oxunma sayı: 46

Şəki – qədim Şəki, əzəl Şəkidir.
Mehriban Şəkidir, gözəl Şəkidir.

Arxası dağlardır – başları qarlı.
Qarşısı bağlardır – nübarlı, barlı.
Yaylağı, qışlağı öz içindədir.
Təpələr üstündə, düz içindədir.

Yolları yükdolu karvanlar görüb,
Karvanlar başında sarvanlar görüb.

Örpəyi, çitməsi, kələğayısı,
Yaylığı, dəsmalı dillərdə dastan.
Xanlar məkanıdır, bəylər yurdudur,
Qızıyla,oğluyla ellərdə dastan.

Burda gözəllərin tülü ipəkdən,
Tülünün üstündə gülü ipəkdən.
Şəkinin donunu təbiət biçib,
Çəməni atlasdan, çölü ipəkdən.

Şəki – qədim Şəki,əzəl Şəkidir.
Mehriban Şəkidir, gözəl Şəkidir.