SƏN NİYƏ BU QƏDƏR GÖZƏLSƏN AXI?!

20.08.2025 | Oxunma sayı: 41

Sevdalı könlümün ilham pərisi,
Sən niyə bu qədər gözəlsən axı?!
Ey canım hərisi, qanım hərisi,
Sən niyə bu qədər gözəlsən axı?!

Hayıma verilən haymısan, nəsən?
Allahım göndərən paymısan, nəsən?
Günəşmi, ulduzmu, Aymısan,nəsən?
Sən niyə bu qədər gözəlsən axı?!

Bir eşqin qəmiylə onsuz da məstdim...
Məni hardan tapdın, üstümə əsdin?
Var imiş dünyaya gəlməkdə qəsdin,
Sən niyə bu qədər gözəlsən axı?!

Qızılı tellərin çin oldu üzdə...
Sanki qovurdular canımı közdə.
Axdı,yağ qalmadı ürəyimizdə,
Sən niyə bu qədər gözəlsən axı?!

Nə qədər sinəmdə çarpır bu ürək,
Eşqinlə bülbültək oxuyam gərək.
Altunsaç ilahə, sarışın mələk,
Sən niyə bu qədər gözəlsən axı?!

Gözündən nur dolu bir badə içdim,
Özün görmədinmi nə hala düşdüm?
Mən hələ bu qədər əyilməmişdim,
Sən niyə bu qədər gözəlsən axı?!

Od bilib əynimə geyimmi səni?
Yanıb-yaxıldıqca öyümmü səni?
Oxşaya-oxşaya yeyimmi səni?
Sən niyə bu qədər gözəlsən axı?!

Ay mənim dövlətim, ay mənim varım,
Başqa bir qübardır mənim qübarım .
Ayağın altında ölüm, qurtarım,
Sən niyə bu qədər gözəlsən axı?!

Durub seyr edirdim çölü, çəməni...
Çiçəklər içində qəhr etdin məni.
Mən niyə bu qədər sevirəm səni?
Sən niyə bu qədər gözəlsən axı?!