SƏRHƏD POZUNTUSU
08.08.2025 | Oxunma sayı: 9Atamın beli idi
bir zamanlar sərhəddim.
Anamın da boynuna
düşməyə yoxdu həddim.
Məqam yetişdi axır,
Və sair,və ilaxır...
Anamın bətni kəsdi
qabağımı sədd kimi.
Qadağan işarəsi
qoyulmuş sərhəd kimi.
Durub yarımbükülü,
məqam gözlədim yenə.
Süründüm,keçdim ondan
ömrün genişliyinə.
Nəfəs dərdim doyunca,
İməklədim,yeridim
uşaqlığım boyunca.
Gəncliyimlə üzbəüz
durub dayandım bir az.
Onun da sərhəddini
gördüm pozmasam olmaz.
Onu da pozdum axır.
Və sair,və ilaxır...
Qocalığım indidən
qabağımda sanki dağ...
İslanmışın yağışdan
nə qorxusu olacaq?
Sərhəddə çevriləndə
olumumun sonu da
Dağıdıb keçəcəyəm
and olsun ki,onu da.
Ölüm də olsa sərhəd,
dayanmadan onda mən
Şığıyıb işıq kimi
keçəcəyəm ölümdən.
Keçməsəm,öləm gərək.
Ömrün də sərhədləri
dünyanın sərhədditək
Canımıza muzudur.
Yaşamaq deyilən şey
sərhəd pozuntusudur.