← Geri ID: 3

Mən səni sevməsəydim

2025-10-22 08:40:28 • Baxış: 30 • Yükləmə: 16
Sənə əlim yetmədi, sözdə nazını çəkdim.
Alnımın yazısıydın, mən səni sevəcəkdim.
Səni danışdırmadım, dindirmədim doyunca.
Saniyələr yaşatdın mənə aylar boyunca.

Kürə-küncə qısnadı doğmalarınmı səni?
Könlündə, gözlərində qorxub gizlətdin məni?
Mən sənin şirin-şəkər dillərindən doymadım.
Titrəyərək tutduğum əllərindən doymadım.

Nəydi bu umu-küsü, nə idi bu mənzərə?
Söylə, yaraşırdımı səntək mələk-mənzərə?
Harda sevgi var isə, o yerdə qol-qanad var.
O sevgiyə çatmağa canatma var, inad var.

Sevgi varsa, sevməli göz də var, gözyaşı da.
Sevilənə halaldır sevənin başdaşı da.
Bizi bəd-bəd nəzərlər, yaman gözlərmi kəsdi?
Yoxsa ki, üstümüzdən qara yellərmi əsdi?

Mən səni sevməsəydim, baş üstə deyərmidim?
Onu da dar macalda, daş üstə deyərmidim?
Mən səni sevməsəydim, üzünə baxmaz idim.
Dalınca köks ötürüb, izinə baxmaz idim.

Mən səni sevməsəydim, durmazdım qabağında.
Yaşımın bu yaşında, çağımın bu çağında
Əyilməzdim sənə mən, sənə alçalmaz idim.
Sən çaldığın laylaya uyub əl çalmaz idim.
Qızıl da xırdalasan, vecimə almaz idim.
Bir saniyə nədir ki, bir an qədər də olsa,
Gecələr xiffət çəkib, yuxusuz qalmaz idim.
Gündüzlər rastlaşanda saya da salmaz idim
Axı, sən kimsən belə?
Nə istəyirsən, elə!

Mən səni sevməsəydim, yel vuran ocaq kimi
Sönüb sovrular idim.
Mən səni sevməsəydim, belə qovrular idim?
Göydən mavi işıqla enən gözəl sən idin.
Ürəyimlə bərabər, könlüm ilə tən idin.

Özün de, onda mənim ayrı yolum vardımı?
Tanıyıb, bilib səni sevməmək olardımı?
Tanrı dəftərində də eyni yaşda idik biz.
Eyni qəlb, eyni könül, eyni başda idik biz.

Mən səni sevməsəydim, sən adi qız olardın.
Mən də yalqız olardım, sən də yalqız olardın.
Mən səni sevməsəydim, qurtarardım, bitərdim.
Gedərdim bu dünyadan ilim-ilim itərdim.

Özün yaxşı bilirsən bunları niyə etdim.
Səni könül mülkümə əbədi yiyə etdim.
Ürəyim soyumadı, səndən alıb yazdığım
Şeirlər mənim deyil, sənindir deyə etdim.
07 iyul 2024

Digər şeirlər