Geri

MÖCÜZƏ

2026-02-26
Ömür nədir?
– Fəsillərin birində,
Günlərin bir günündə
çığıra-çığıra,
bağıra-bağıra var olmaq,
Aşkar olmaq.
Dünyaya səssiz sədasız gəlmək
doğulmaqdan sayılmır.
Onsuz da səsin çıxınca
Döyəcəklər.
Sonra da bir nəslə
“Gözün aydın”deyəcəklər.
Ömür nədir?
– Qundaqda sıxıla-sıxıla
böyümək.
İnsan belədir;
Əlindən tutasan gərək.
Ömür nədir?
– Sevincin yanğısından,
Kədərindən ağrısından
gözü yaşara-yaşara,
birini hədələyə-hədələyə,
birinə işara-işara
baş girləmək,
gızara-gızara
özündən qıllısına şirvalanmaq,
bozara-bozara özündən acizini mingirləmək,
ya da girmək
kişilik boyunduruğuna.
Qul olmaq vicdanın buyruğuna.
Öz içindən yana-yana ərimək.
Axırda da əsnəmək,
kirimək.
İnsan belədir;
Çənəsini də özü bağlaya bilmir.
Ömür bumu?
Olum,ölüm?
Bəs tabutun getdiyi yol?
O da ömürdən sayılırmı?
– Nə bilim?
Ölüm nədir?
– Baş daşına dönmək,
baxmaq soyuq-soyuq dünyaya.
Bir ovuc torpaq olub
Yayın istisində
Həsrət qalıb
Bir udum suya,
Çatdam-çatdam çatlamaq,
Yazda açılmaq çiçək-çiçək.
Payızda tökülmək yarpaq-yarpaq,
Dünyanın yağışını,qarını
Dünya boyu daşımaq.
Gəribədir bu dünya:
Olumu da yaşamaq,
Ölümü də yaşamaq.