Geri

Qiymət

2026-01-12
(İmtahandan kəsilmiş bir qız divara sıxılıb ağlayırdı)

Günah işləyibdir səni kəsən kəs...
O, qiymət yazmağı haradan bilir?
Sənin qiymətini hər kəsə bilməz,
Sənin qiymətini Yaradan bilir.

Divara sıxılıb, ay qız ağlama!
Ağlama, sən Allah, yalqız ağlama!

Dədəmiz Qorquddan ta üzü bəri
Öyülən, sevilən sarı donlu qız!
Beləmi kiçilib Oğuz bəyləri
Yanır gözlərində yaş ulduz-ulduz?

Sən Selcan xatunsan – sonamsan, axı.
Sən Burla xatunsan – anamsan, axı.

Ağlama,Tanıqlı Beyrəyin yarı!
Sən ki üç öpülüb,bir dişlənərdin.
Yandıra-yandıra Yalıncıqları
Açılıb gül kimi gümüşlənərdin.

Sən – Banu Çiçəksən,ağlama daha,
Hamıdan göyçəksən, ağlama daha.
Ağlaya-ağlaya sındırma məni,
Sənə beş yazmağa, axı, nə vardı?
Füzuli imtahan etsəydi səni,
“Heyrət, ey Büt!” – deyə, on beş yazardı.

O kimdir? – Heçdir o, heçdən aşağı,
Sənə qiymət yazıb üçdən aşağı.
Neynim ki, bir ağır daşım var mənim,
Daşa döyüləsi başım var mənim.

Sən – başlar baxtısan, evlər taxtısan,
Əziz halalısan Dəli Domrulun.
Qiymət ucbatından qaş-qabaqlısan,
Qiymətdən ucadır şərəfin, yolun.

Sənin qiymətini bilməyən kişi,
Əsil nakişidir, əsil nakişi!